11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvİqtisadiyyatAzərbaycan Qlobal İnnovasiya İndeksində 15-ci yerə yüksəlib

Azərbaycan Qlobal İnnovasiya İndeksində 15-ci yerə yüksəlib

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 17-ci Qlobal İnnovasiya İndeksini (Qİİ) yayımlayıb.

Daylinews-az.com “Report”a istinadən xəbər verir ki, bu indeks 133 ölkəni əhatə edir və təxminən 80 indikator əsasında hesablanır. Bu indikatorlar qanunvericilik, elm və təhsil, bazar, biznes, infrastruktur kimi bir sıra sahələrdəki inkişafı ölçür. Qlobal İnnovasiya İndeksi (Qİİ) 2024 iki əsas hissədən ibarətdir: “İnnovasiya resursları” (innovation inputs) və “innovasiya nəticələri” (innovation outputs). İndeksin “İnnovasiya resursları”na institutlar, insan kapitalı, infrastruktur, bazar inkişafı və biznes inkişafı daxildir. “İnnovasiya nəticələri” isə biliklərin yayılması və kreativ fəaliyyətin nəticələrini əks etdirir.

İndeksin lideri İsveçrədir. İlk beşliyə İsveç, ABŞ, Sinqapur və Böyük Britaniya daxildir. Sonrakı yerləri Cənubi Koreya, Finlandiya, Niderland, Almaniya və Danimarka tutur. Çin isə 11-ci pillədədir.

Azərbaycan bu ilki Qlobal İnnovasiya İndeksində 95-ci yeri tutub. Bu göstərici ölkənin innovasiya potensialının beynəlxalq səviyyədə müəyyən irəliləyiş əldə etdiyini göstərir.

Azərbaycanın “İnstitutlar” göstəricisi üzrə 51-ci yerdə olması, hökumətin effektivliyi, tənzimləmə keyfiyyəti və siyasi sabitlik sahələrində irəliləyişlərdən xəbər verir. Xüsusilə, “Biznes mühiti” göstəricisində iki pillə irəliləyərək 15-ci yeri tutması Azərbaycanda innovasiya və biznes üçün əlverişli şəraitin olduğunu göstərir. Ölkə “Biznes siyasətinin sabitliyi” göstəricisi üzrə 19-cu yerdədir və üç pillə irəliləyiş əldə edib.

“Biznesin inkişafı” göstəricisi üzrə Azərbaycan 67-ci yerdə qərarlaşıb. Universitet-sənaye əməkdaşlığı sahəsində elmi-tədqiqat və inkişaf üzrə 30-cu, klaster inkişafı göstəricisinə görə isə 29-cu yerdədir. Bu da ölkənin Cənubi Qafqazda lider olduğunu göstərir. Hökumət, elmi-tədqiqat və inkişaf sahəsində əməkdaşlığı təşviq edərək sənaye klasterlərinin yaradılmasına diqqət yetirir.

Hesabat göstərir ki, ölkədəki islahatlar biznes və investisiya mühitinə müsbət təsir göstərib. Qlobal İnnovasiya İndeksinə görə Azərbaycan “Bilik və texnoloji nəticələr” indikatoru üzrə patent göstəricisində (50-ci yer) 13 pillə irəliləyib və Cənubi Qafqazda ən yüksək nəticəni əldə edib. Patent Əməkdaşlığı Müqaviləsi (PCT) üzrə təqdim edilən patentlərin sayına görə Azərbaycan 72-ci yerə yüksəlib və keçən illə müqayisədə 15 pillə irəliləyib. Faydalı model patentləri üzrə isə ölkə 49-cu yerdədir.

“Əmək məhsuldarlığının artımı” göstəricisi üzrə Azərbaycan 34 pillə irəliləyərək 28-ci yeri tutub. Bu irəliləyiş sənayedə qabaqcıl texnologiyaların tətbiqi və işçilərin ixtisas səviyyəsinin artırılması nəticəsində mümkün olub.

Azərbaycan “Yaradıcı fəaliyyətin nəticələri” indikatoru üzrə əmtəə nişanı alt indikatorunda 17 pillə irəliləyərək 49-cu yerə yüksəlib. Bu göstərici ilə ölkəmiz regionun bir çox dövlətlərini geridə qoyur.

“İnsan kapitalı və elm” göstəricisi üzrə Azərbaycan 94-cü pillədədir. Bununla yanaşı, təhsil sektorunda tələbə-müəllim nisbəti (20-ci yer) və təhsilə dövlət sərmayəsi (53-cü yer) üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Bundan başqa, elm və mühəndislik ixtisasları üzrə məzunların sayı göstəricisinə görə Azərbaycan 45-ci yerdədir ki, bu da ölkədə texniki istedadın güclü bir bazasını göstərir. Azərbaycanın tədqiqat və inkişafa yönəlmiş korporativ sərmayələr üzrə göstəricisi isə 41-ci pillədədir ki, bu da korporativ investisiyaların innovasiya ekosisteminin mühüm hissəsinə çevrildiyini sübut edir.

Təhsil sektorunda aparılan islahatlar artıq öz bəhrəsini verməyə başlayıb, lakin təhsil və sənaye arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.

İndeksin “Yaradıcı fəaliyyətin nəticələri”, “İnfrastruktur” və “Bazarın inkişafı” indikatorları üzrə ekspertlər ölkəyə vençur kapitalının cəlb edilməsi, yüksək texnologiyalı məhsul ixracının artırılması və özəl sektorun kredit imkanlarının genişləndirilməsi sahələrinin inkişaf etdirilməli olduğunu bildirirlər. Azərbaycan üçün innovasiya bazasının möhkəmləndirilməsi, startaplar və yüksək texnologiyalı sektorlar üçün maliyyələşdirmə imkanlarının genişləndirilməsi, texnologiya transferinin artırılması və rəqəmsal infrastrukturun təkmilləşdirilməsi vacib məsələlər arasında qalır.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər