Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə təkbətək görüşü keçirilib.
Daylinews-az.com xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib. Əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, investisiya və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Münasibətlərin genişlənməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat və energetika layihələrinin əhəmiyyəti önə çəkilib, onların həm strateji, həm də iqtisadi baxımdan vacibliyi bildirilib.
Tərəflər Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kontekstində Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin roluna toxunublar.
Azərbaycan və Gürcüstan prezidentləri iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığından məmnunluqlarını ifadə edib, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş başa çatdıqdan sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazıb.





