Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
Daylinews-az xəbər verir ki, bu memorandum müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdıraraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verəcək. Sazişi Hassana İnvestisiya Şirkətinin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli və ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov imzalayıb.
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bu tərəfdaşlığın yalnız iki maliyyə qurumunun razılaşması deyil, həm də strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəldiyini vurğulayıb: “Bu əməkdaşlıq ARDNF-nin “Vision 2030” strateji hədəfləri çərçivəsində Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün birgə çalışmağa hazırıq”.
Saad bin Abdulmohsen Al-Fadli də bu əməkdaşlığın Hassana İnvestisiya Şirkəti üçün əhəmiyyətini vurğulayıb: “Bu memorandum sayəsində əməkdaşlığımız, özəl səhm, daşınmaz əmlak və infrastruktur sahələrinə fokuslanaraq uzunmüddətli dəyər yaratmağı hədəfləyir”.
Hassana İnvestisiya Şirkəti, Ümumi Sosial Sığorta Təşkilatının (GOSI) investisiya meneceri olaraq fəaliyyət göstərir və 1,2 trilyon Səudiyyə riyalı (320 milyard ABŞ dolları) dəyərində aktivləri idarə edir.