Azərbaycandakı YUNİSEF nümayəndəliyi 2025-ci il sentyabrın 3-dən etibarən fəaliyyətini dayandıracaq.
Bu barədə BMT-nin Uşaq Fondu – YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur məlumat verib.
“YUNİSEF-in Azərbaycandakı fəaliyyəti 3 sentyabr 2025-ci ildən dayandırılacaq. Təşkilat Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”, – deyə o bildirib.
Qeyd edək ki, martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Avropa və Mərkəzi Asiya üzrə Koordinasiya Ofisinin regional direktoru Gvi-Yeop Son ilə görüşdə bəyan etmişdi ki, bəzi BMT qurumları ilə gələcək əməkdaşlıq milli prioritetlərə uyğun olaraq layihə əsaslı əməkdaşlıq mexanizmi ilə həyata keçiriləcək.
Həmçinin vurğulanmışdı ki, bəzi BMT qurumları ilə gələcək əməkdaşlıq birbaşa onların baş qərargahları vasitəsilə davam etdiriləcək.
Bu gün daha əvvəl Ceyhun Bayramov Azərbaycandakı YUNİSEF nümayəndəsi Sadcu Faruk Abdullanı onun diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.





