Dünyaca məşhur musiqiçi Bad Bunny “Toy Story 5” animasiya filminin səs heyətində yer alacaq. Disney studiyası bildirib ki, Puerto-Rikolu ifaçı yeni ekran işində “Pizza” adlı personajı səsləndirəcək.
Məlumata görə, gün eynəyi taxan və sirli xarakterə sahib olan oyuncaq filmdə unudulmuş oyuncaqların yaşadığı köhnə bir anbarda yaşayır. Bad Bunny-nin canlandıracağı obraz “rahat və özünəinamlı” xarakter kimi təqdim olunur.
Köhnə aktyor heyəti yenidən bir araya gəlir
“Toy Story” franşizasının əsas səsləri olan Tom Henks və Tim Allen yeni filmdə də rollarına qayıdırlar. Tom Henks bildirib ki, illər keçməsinə baxmayaraq, eyni aktyor heyəti ilə layihənin davam etməsi onlar üçün hələ də təəccüblüdür.
Yeni hissədə Vudi, Baz Layter, Cessi və Forki kimi məşhur personajlar yenidən tamaşaçı qarşısına çıxacaq. Eyni zamanda layihəyə bir neçə yeni obraz əlavə olunub.
Filmdə texnologiya mövzusu əsas xəttlərdən biri olacaq. Süjet uşaqların klassik oyuncaqlardan uzaqlaşıb elektron cihazlara daha çox maraq göstərməsi üzərində qurulub. Treylerdə Cessinin digər oyuncaqları bir araya gətirərək “LilyPad” adlı texnoloji oyuncağa qarşı mübarizə apardığı görünür.
Bad Bunny kino layihələrində daha fəal görünür
Əsl adı Benito Antonio Martinez Okasio olan Bad Bunny son illər musiqi ilə yanaşı kino sahəsində də aktiv fəaliyyət göstərir. O, daha əvvəl “Bullet Train”, “Caught Stealing” və “Happy Gilmore 2” kimi layihələrdə rol alıb.
Müğənni hazırda dünya turnesini davam etdirir və paralel şəkildə yeni kino layihələrində iştirak edir. Onun yaxın gələcəkdə tarixi dram janrında çəkilən “Puerto Rico” filmində də yer alacağı bildirilir.
“Toy Story 5” filminin rejissoru Endryu Stanton olacaq. Musiqilər isə yenidən Oskar mükafatçısı Rendi Nyuman tərəfindən hazırlanacaq.
Filmin dünya premyerasının 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılır.





