Bakı Metropolitenində son 16 ildə ilk dəfə qatarların hərəkət intervalında əhəmiyyətli azalma baş verib. Bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən Daylinews-az.com məlumat yayıb.
Yeni sistem və sıxlaşdırılmış cədvəl
May ayından etibarən metroda hərəkət cədvəli sıxlaşdırılıb, cəmi qatar cütlərinin sayı 30-dan 32-yə qaldırılıb. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlar arasında intervallar 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.
Qeyd edək ki, metroda son dəfə qatar sayında artım 2009-cu ildə həyata keçirilmişdi. 2025-ci ilin bu yeniliyi isə strateji irəliləyiş kimi qiymətləndirilir.
Yeni proqram təminatı və rəqəmsallaşma
Hərəkət qrafikinin optimallaşdırılması çərçivəsində aşağıdakı tədbirlər görülüb:
- Ənənəvi kağız qrafik ləğv olunub, onun əvəzinə yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;
- Siqnalizasiya və idarəetmə sistemləri təkmilləşdirilib;
- Qatarların stansiyalarda dayanma rejimləri və sərnişin axınının tənzimlənməsi optimallaşdırılıb;
- Maşinistlər üçün xüsusi təlimlər keçirilib, nəzarət tədbirləri gücləndirilib.
Sərnişin axını və statistik göstəricilər
Hazırda Bakı metrosu iş günlərində gündəlik orta hesabla 740 000 sərnişin daşıyır. Pik saatlarda 30 cüt qatar xəttə buraxılırdısa, indi bu say 32-yə çatdırılıb. “Qatar cütü” anlayışı bir saat ərzində müəyyən stansiyadan keçən qatarların sayını ifadə edir və bu, infrastrukturun texniki imkanları, xüsusilə təhlükəsizlik sistemləri ilə tənzimlənir.
Yeni sistem sayəsində səhər və axşam saatlarında əlavə 4 qatar cütü sərnişinlərə xidmət göstərəcək. Bu isə 3 saat ərzində əlavə 19 000 sərnişinin daşınmasına imkan verəcək. İllik hesablamada isə bu göstərici 5 milyon sərnişinə qədər arta bilər.





