Bakıda böyük əhatəli mədəni tədbir “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı çərçivəsində keçirilən “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz fəaliyyətini başlayıb. Tədbir “Baku Steel Company” QSC və “QGallery”nin birgə təşəbbüsü ilə reallaşdırılır və Azərbaycan, Pakistan, Türkiyə, Rumıniya, Almaniya, Serbiya, İran və Özbəkistan olmaqla 8 ölkədən 14 sənətkarın yaradıcılıq mühitində bir araya gəlməsinə şərait yaradır. Bu layihə metal sənayesi ilə incəsənətin sintezini vurğulayaraq ekoloji məsuliyyətə çağırır və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir. Simpozium, həmçinin sənaye innovasiyaları ilə bədii yaradıcılıq arasında yeni baxış açısı yaradaraq qlobal ekoloji problemlərə diqqət çəkir.
Bir neçə gün müddətində yaradıcılar metalları genişmiqyaslı instalyasiyalar, konseptual obyektlər və incə sənət əsərlərinə çevirərək müasir dövrün ekoloji davamlılıq, təkrar emal və texnologiya ilə sənət dialoqu kimi əsas mövzularını işıqlandırırlar. Metalın cilalanması və qaynaq alovlarının səsi vasitəsilə o, poetik bir ifadə dilinə çevrilir, ilham verir və düşündürür. Simpoziumun sonunda yaranan əsərlər Bakı Bulvarının açıq hava sərgilərində nümayiş olunacaq, bu isə şəhərin mərkəzində sənət, texnologiya və sənətkarliyin birləşməsini canlı yaşamaq imkanı təqdim edəcək.
“Fly to Baku. Art Weekend” festivalının tərkib hissəsi olan bu simpozium 31 oktyabr – 2 noyabr tarixlərində Bakının ən önəmli mədəni yerlərində 40-dan çox sərgi, performans və maarifləndirici tədbirlərlə zəngin proqramın əhəmiyyətli elementidir.
Qeyd etmək lazımdır ki, ötən il – 17-30 sentyabr 2024-cü il tarixləri arasında Bakıda regionda ilk dəfə olaraq “Baku Steel Art 2024” beynəlxalq metal simpoziumu keçirilib. O zaman 7 ölkədən 12 sənətkar bu layihədə iştirak etmişdi.
Təşkilatçılar:
- “Baku Steel Company” QSC — Qafqazın aparıcı metallurgiya müəssisəsi olaraq, innovasiya və ekoloji məsuliyyət layihələrinə dəstək göstərir, sənaye sahəsi ilə incəsənətin əməkdaşlığını gücləndirir.
- “QGallery” — 1999-cu ildə Bakıda yaradılmış, həm tanınmış, həm də gənc rəssamları təmsil edərək Azərbaycanın müasir incəsənət səhnəsini beynəlxalq aləmlə əlaqələndirən nüfuzlu platformadır.
“Fly to Baku. Art Weekend. Sense the Future NOW” Bakını yaradıcılıq və irs üzərində dayanan, ekoloji düşüncə ilə zənginləşən beynəlxalq incəsənət və mədəniyyət festivalına çevirir. Tədbirin ilham mənbəyi su metaforası və Xəzər dənizinin obrazı olmaqla yaddaşı, təxəyyülü, ənənə ilə müasirliyi, təbiət və innovasiyanı bir araya gətirir.





