Novruz bayramı ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. 2025-ci il martın 20-dən 26-na qədər Bakı şəhərində təcili yardım xidmətinə ümumilikdə 14 370 müraciət daxil olub.
Bu müraciətlərdən 1 284 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib, digər vətəndaşlara isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Ölkənin 58 bölgəsində isə qeyd olunan müddətdə 15 598 müraciət qeydə alınıb. Onlardan 1 597 nəfər hospitalizasiya edilib.
Ən çox çağırış 21 və 22 mart tarixlərində baş verib:
- 21 mart – 2 159 müraciət, 191 nəfər xəstəxanaya yerləşdirilib
- 22 mart – 2 134 müraciət, 199 nəfər hospitalizasiya olunub
Əhalinin təcili yardıma müraciət etməsinin əsas səbəbləri aşağıdakılar olub:
- Qan təzyiqinin yüksəlməsi
- Müxtəlif növ travmalar
- Həzm sistemi pozğunluqları
- Ürək-damar xəstəlikləri
- Tənəffüs yolları problemləri
Bayram günlərində artan aktivlik və hərəkətlilik tibbi xidmətlərə ehtiyacın da yüksəlməsinə səbəb olub.





