EvMədəniyyətBerlində Mir Cəlal Paşayevin hekayələr kitabının təqdimatı keçirilib

Berlində Mir Cəlal Paşayevin hekayələr kitabının təqdimatı keçirilib

Almaniyanın paytaxtında Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 20 hekayəsini əhatə edən “İnsanlığın yüksək dəyəri” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab alman dilində tanınmış “H.J. Maurer” nəşriyyatı tərəfindən nəşr edilib və ondan 18 hekayə ilk dəfə olaraq alman dilinə çevrilmişdir. Bu əsərlərdə Mir Cəlal humanizm, ictimai məsuliyyət və gündəlik həyatın mənəvi-əxlaqi məsələlərinə toxunur.

Tədbirdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, əməkdar müəllim professor Ədibə Paşayeva, Almaniya Bundestaqının üzvləri, diplomatlar, elm, ədəbiyyat və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmalar iştirak etmişdir. Mərasim “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən hazırlanmış Mir Cəlal haqqında film nümayişi ilə başlamışdır. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında kitabın iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə olduğunu vurğulayıb və Mir Cəlal yaradıcılığının insanın dərin daxili axtarışlarından bəhs edən nadir ədəbi məktəb olduğunu bildirib.

Professor Hafiz Paşayev kitabın alman dilinə tərcüməsinin iki xalq arasında dostluq və mədəni anlaşmanı gücləndirəcəyinə inamını ifadə edib. Berlin Humboldt Universitetindən professor Eva-Maria Aux isə Mir Cəlalın əsərlərində insanın daxili dünyası və mənəvi bütövlüyünün əsas mövzu olduğunu qeyd edib. Onun fikrincə, Mir Cəlalın əsərləri sovet dövrünün kollektiv insan ideologiyasına qarşı fərdin azad və mənəvi məsuliyyətli mövqeyini önə çıxarır.

Təqdimat zamanı kitabda yer alan hekayələrin səhnələşdirilmiş hissələri alman aktyorları Sara Maria Sander, Tamer Tahan və Elizabet Degen tərəfindən ifa olunub. Musiqi isə “Anima Shirvani” qrupunun rəhbəri Tural İsmayılovun bədii rəhbərliyi altında təqdim edilmişdir. Mərasim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və müsbət rəy alıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər