ABŞ prezidenti Donald Tramp Kolorado ştatının Kapitoli binasında yerləşən prezident portretləri qalereyasındakı öz təsvirindən son dərəcə narazı qalıb. Bu barədə o, Truth Social platformasında etdiyi paylaşımda yazıb.
Tramp qeyd edib ki, heç kəs özünün uğursuz fotosunu və ya portretini görmək istəməz:
“Koloradoda nümayiş etdirilən şəkil elə səviyyədə təhrif olunub ki, belə bir şeylə yəqin ki, daha əvvəl heç rastlaşmamışdım“, – deyə o bildirib.
Tramp rəssamı da tənqid etdi
Trampın narazılığı yalnız portretlə məhdudlaşmayıb. O, portretin müəllifi Sara Bordmanı da sərt şəkildə tənqid edib. Prezidentin fikrincə, rəssam “yaşlandıqca istedadını itirib”. Qeyd edək ki, Bordman vaxtilə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın portretini də çəkmişdi və həmin əsər geniş rəğbət qazanmışdı.
Trampın bəyanatı, bir daha onun ictimai imicə və vizual təqdimatlara necə həssas yanaşdığını göstərdi. Onun bu reaksiyası sosial şəbəkələrdə geniş rezonans doğurub.






