Azərbaycan Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib ki, Azərbaycanda “Dövlət satınalmaları haqqında qanun”un təkmilləşdirilməsi üzrə müəyyən işlər görülməkdədir. Sədr vurğulayıb ki, bu proses zaman tələb edir, lakin agentlik həm qanunvericilikdə təkmilləşdirmələr, həm də müzakirə olunan dəyərli fikirlərin nəzərə alınmasını önəmli hesab edir.
Elnur Bağırovun sözlərinə görə, 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” qanun çərçivəsində tənzimləyici orqan artıq müəyyən təcrübə toplayıb. O əlavə edib ki, qanunun tətbiqi barədə real vəziyyəti yalnız praktika göstərə bilər və hazırda bu təcrübə agentlikdə formalaşır. Gələcəkdə bu təcrübənin daha da genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq aparılır.





