Estoniya hökuməti Belarus rejiminin əsas nümayəndələrinə ölkəyə girişə qoyulan qadağanı müddətsiz uzadıb və bu sanksiyaları daimi etdi.
Bu barədə Daylinews-az.com ERR-ə istinadən məlumat yayıb.
Təkliflə çıxış edən xarici işlər naziri Margus Tsaxkna qeyd edib ki, Belarusda insan hüquqları ilə bağlı vəziyyət dəyişməz olaraq qalır və rəsmi Minsk-in Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstəyi əlavə təzyiqi zəruri edir: “Sanksiyalar tətbiq olunduqdan sonra beş ilə yaxın müddətdə Belarusda heç bir müsbət dəyişiklik baş verməyib. Biz repressiyalara göz yuma bilmərik — bu səbəbdən sanksiyalar müddətsiz qalmalıdır”, – deyə Tsaxkna bildirib.
Sanksiya tətbiq olunan siyahıda Aleksandr Lukaşenko da daxil olmaqla, 273 nəfər yer alır. Siyahıya yüksək vəzifəli məmurlar, hakimlər, güc strukturlarının nümayəndələri, təbliğatçılar və Lukaşenkoya yaxın şəxslər daxildir. Estoniya və bəzi digər Aİ ölkələri Lukaşenkonu legitim dövlət başçısı kimi tanımır.
Estoniya bu sanksiyaları ilk dəfə 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra baş verən kütləvi etirazlar fonunda tətbiq etmişdi. Sonradan bir neçə dəfə uzadılmış və müddətli olaraq qalırdı.
Öncəki hadisələr
Xatırladaq ki, ötən il Avropa Şurası Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhatəsini Belarus üçün də genişləndirmişdi.
Qərarda qeyd olunurdu ki, bu addım sanksiyalardan yayınma riskini azaldacaq, çünki Rusiya və Belarus iqtisadiyyatları yüksək səviyyədə inteqrasiya olunub. Bununla da Rusiya Ukrayna müharibəsi üçün lazım olan məhsulları əldə etməkdə çətinlik çəkəcək.





