ABŞ-də Google şirkətinin əməkdaşı ilə bağlı başlayan istintaq texnologiya dünyasında böyük rezonans doğurub. Federal prokurorluq şirkətin təhlükəsizlik mühəndisi Miçele Spanolonun daxili məlumatlardan istifadə edərək proqnoz bazarında milyonlarla dollar qazandığını iddia edir.
Məlumata görə, Google əməkdaşı “Polymarket” platformasında müxtəlif hadisələrin nəticələri ilə bağlı mərc edərək təxminən 1,2 milyon dollar gəlir əldə edib. İstintaq orqanları hesab edir ki, Spanolo şirkətin daxili analitik məlumatlarından istifadə etməklə gələcək axtarış trendlərini əvvəlcədən müəyyənləşdirə bilib.
Şübhələr “Polymarket”dəki qəribə proqnozlardan başladı
Araşdırmada bildirilir ki, mühəndis platformada “AlphaRacoon” ləqəbi altında fəaliyyət göstərib. Onun ən diqqətçəkən proqnozlarından biri musiqiçi D4vd-in 2025-ci ildə Google axtarışlarında ən populyar ad olacağı ilə bağlı olub. Həmin vaxt bu ehtimal çox aşağı qiymətləndirilsə də, nəticə sonradan doğrulanıb.
Prokurorluq iddia edir ki, Spanolo ictimaiyyətə açıq olmayan məlumatlardan yararlanaraq bazarda üstünlük qazanıb. İttiham sənədlərində qeyd olunur:
“Miçele Spanolo bu proqnozların nəticələrini ictimaiyyətə açıqlanmadan əvvəl bilirdi, çünki o, Google-un məxfi daxili məlumatlarına çıxış imkanına malik idi”.
Google əməkdaşını işdən uzaqlaşdırıb
Google hadisə ilə bağlı açıqlamasında əməkdaşın daxili marketinq alətlərinə çıxışının olduğunu təsdiqləyib. Şirkət nümayəndəsi Jaklin Vaskes bildirib ki, bu məlumatlardan maliyyə məqsədilə istifadə şirkət qaydalarının ciddi şəkildə pozulması sayılır.
Spanolo artıq Nyu-Yorkda saxlanılıb və 2,25 milyon dollar girov qarşılığında sərbəst buraxılıb. Ona qarşı fırıldaqçılıq və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb.





