Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıqlar Belarusun paytaxtı Minskdə müzakirə olunub. Bu idman tədbiri, həm coğrafiyası, həm də idman növlərinin çoxluğu ilə ölkəmizdə keçirilən ən böyük yarışlardan biri olacağı gözlənilir.
Daylinews-az.com MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva, işçi qrupunun üzvlərinə yarışların hazırlıq prosesi ilə bağlı geniş məlumat verib. O bildirib ki, Oyunların əsas mərkəzi Gəncə şəhəri olacaq, lakin yarışlar Azərbaycanın 15 şəhərində təşkil olunacaq.
Minskdə keçirilən görüşdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
MDB İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin direktoru Aleksey Sazonov, Azərbaycanın bu mötəbər idman tədbirinə hazırlıqda xeyli iş gördüyünü vurğulayıb. O qeyd edib ki, Azərbaycan tərəfi tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri aparır.
İclasda müzakirə olunan məsələlər əsasında, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların proqramının tam işlənib hazırlanması qərara alınıb. Yekunlaşdırılmış proqram gələcəkdə MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına təqdim ediləcək.