Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prestijli Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərini elan edib. Bu prestijli mükafatın sahibi arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.
Mükafat Qafqaz regionunda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib.
Münsiflərin qiymətləndirməsi
2026-cı il qalibləri dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib:
“Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.”
Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.





