İran ABŞ tərəfindən irəli sürülən 15 maddəlik razılaşma təklifinə cavabını rəsmi şəkildə təqdim edib. Məlumata görə, Tehran öz mövqeyini vasitəçilər üzərindən qarşı tərəfə ötürüb və hazırda Vaşinqtonun reaksiyasını gözləyir.
Məlumatlı mənbə bildirib ki, cavab sənədi ötən gecə göndərilib. İran tərəfi bu sənəddə bir sıra əsas şərtlər irəli sürərək, mümkün razılaşmanın hansı prinsiplər üzərində qurulmalı olduğunu açıqlayıb.
İranın əsas tələbləri
Mənbənin sözlərinə görə, Tehran cavabında açıq şəkildə qeyd edib ki, hər hansı razılaşmanın əldə olunması üçün aşağıdakı məsələlər təmin edilməlidir:
- “Düşmən tərəfindən həyata keçirilən təcavüz və terror hərəkətləri tam dayandırılmalıdır”
- Müharibənin yenidən baş verməməsi üçün real və praktik zəmanətlər yaradılmalıdır
- Müharibə nəticəsində dəyən zərərlər və kompensasiyalar konkret şəkildə müəyyənləşdirilərək ödənilməlidir
- Münaqişə region üzrə bütün cəbhələrdə və “müqavimət qrupları” daxil olmaqla tam şəkildə dayandırılmalıdır
Bununla yanaşı, İran tərəfi Hörmüz boğazı üzərində suverenliyini özünün qanuni haqqı kimi qiymətləndirdiyini vurğulayıb və bu mövqenin dəyişməz qalacağını bəyan edib.
Mənbə həmçinin qeyd edib ki, İran ABŞ-ın danışıqlar təşəbbüsünə ehtiyatla yanaşır. Rəsmi Tehranın fikrincə, bu təşəbbüs “üçüncü aldatma planı” kimi qiymətləndirilir və Vaşinqton bu proses vasitəsilə bir neçə fərqli məqsəd güdə bilər.
Eyni zamanda İran qarşı tərəfdən öhdəliklərin yerinə yetirilməsinə dair konkret təminatların verilməsini də əsas şərtlərdən biri kimi irəli sürüb.
Hazırda tərəflər arasında vəziyyət qeyri-müəyyən olaraq qalır və ABŞ-ın bu cavaba hansı formada reaksiya verəcəyi diqqətlə izlənilir.





