Fransız rejissor Pyer Salvadorinin çəkdiyi “Elektrik Venera” (La Vénus électrique) filmi bu il keçiriləcək Kann Film Festivalının açılışını edəcək. Tarixi-komediya janrında olan ekran əsərinin festivalın əsas proqramında yer alması artıq rəsmi şəkildə təsdiqlənib.
Filmin baş rollarında fransız aktyorlar Pio Marmai və Anais Demustye çıxış edirlər. Qeyd edək ki, Marmai ilə Salvadori artıq bir neçə dəfə əməkdaşlıq edib və bu layihə onların növbəti birgə işi sayılır.
Süjet və yaradıcı heyət
“Elektrik Venera”nın hadisələri 1928-ci ilin Parisində cərəyan edir. Filmin mərkəzində həyat yoldaşını itirdikdən sonra yaradıcılıq böhranı yaşayan gənc rəssam Antuan Balestro dayanır. Onun bu vəziyyəti qalereya sahibi Armanı da ciddi şəkildə narahat edir.
Bir gün Antuan həyat yoldaşı ilə əlaqə yaratmaq məqsədilə ekstrasensə müraciət edir. Lakin gözlənilmədən o, təsadüfən Suzanne adlı sadə bir karnaval işçisi ilə qarşılaşır. Suzanne fırıldaqçılıq qabiliyyəti ilə seçilir və tezliklə Armanın dəstəyi ilə saxta seanslar təşkil etməyə başlayır. Hadisələrin inkişafı fonunda Antuan yenidən ilham tapır, lakin Suzanne üçün vəziyyət çətinləşir – o, manipulyasiya etdiyi insana aşiq olur.
Filmin prodüseri “Les Films Pelléas” şirkətindən Filipp Martindir. Bu şirkət daha əvvəl də uğurlu layihələrə imza atıb.

79-cu Kann Film Festivalı mayın 13-dən 26-dək keçiriləcək. Açılış mərasimi isə bir gün əvvəl – mayın 12-də Kann şəhərində yerləşən məşhur Grand Lumierre teatrında baş tutacaq.
Tədbirin aparıcısı kimi fransız aktrisa Ey Ayadara seçilib. Festival hər il olduğu kimi, bu dəfə də dünya kinosunun ən nüfuzlu hadisələrindən biri kimi diqqət mərkəzində olacaq.
Ekspertlərin fikrincə, açılış filmi kimi məhz komediya janrında olan ekran əsərinin seçilməsi festivalın bu il daha müxtəlif və geniş auditoriyaya yönəlmiş proqram təqdim edəcəyindən xəbər verir.





