Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan tarixinin görkəmli simalarından biri – xeyriyyəçi və sənayeçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı baş tutub.
Tədbir şəhərin mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) “Princess Anne Theatre” zalında keçirilib. Gecədə layihənin baş prodüseri Arzu Əliyeva, rejissor Zaur Qasımlı və Xalq artisti Pərviz Məmmədrzayev iştirak edib. Həmçinin tədbirdə diplomatik korpusun nümayəndələri və beynəlxalq qonaqlar yer alıblar.
Film Azərbaycanın tarixini dünyaya təqdim edir
Ekran əsəri Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. Layihəyə bir sıra iri şirkətlər də dəstək verib.
“Tağıyev: Neft” çoxseriyalı layihənin ilk hissəsi olmaqla XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda baş verən neft bumu fonunda Hacı Zeynalabdin Tağıyevin həyat yolunu əks etdirir. Filmdə onun sadə fəhləlikdən böyük sənayeçi və xeyriyyəçiyə çevrilməsi təsvir olunur.
Səfir: “Tağıyev maarifçiliyin simvoludur”
Təqdimatda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Tağıyev ölkənin iqtisadi və mədəni inkişafında mühüm rol oynayıb:
“Onun qarşısına çıxan çətinliklər onu yolundan döndərməyib. Tağıyevin ən böyük arzularından biri təhsilin inkişafı idi və o, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yaradılmasına nail olub”.
Tədbir iştirakçıları film haqqında müsbət fikirlər səsləndirərək layihənin Azərbaycanın tarixi və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verdiyini vurğulayıblar.
Xalq artisti Pərviz Məmmədrzayev isə filmin daha əvvəl ABŞ və Rusiyada nümayiş olunduğunu xatırladaraq, London təqdimatının da böyük maraq doğurduğunu qeyd edib.






