Marvel Entertainment və Sony uzun müddətdir gözlənilən “Hörümçək Adam: Tamamilə Yeni Gün” (Spider-Man: Brand New Day) filminin ilk rəsmi treylerini yayımlayıb.
Çəkiliş prosesində Tom Hollandın zədələnməsi səbəbindən fasilə yaransa da, layihə planlaşdırıldığı kimi davam etdirilib və artıq təqdimat mərhələsinə keçib. Yeni film Marvel kino kainatında aktyorun Hörümçək Adam obrazında yeddinci çıxışı olacaq. Ekran işinin premyerası 2026-cı ilin iyul ayının sonuna planlaşdırılıb.
Filmin süjeti əvvəlki hissə – “Hörümçək Adam: Evə yol yoxdur” hadisələrinin davamı kimi qurulub. Həmin filmdə Peter Parker dünyanı xilas etmək üçün öz kimliyini qurban verir və nəticədə bütün insanlar, o cümlədən ən yaxınları onun kim olduğunu unudurlar. Yeni treyler göstərir ki, qəhrəman bu reallıqla barışmağa çalışaraq fəaliyyətini davam etdirir.
Yeni süjet xətti və tanış simalar
Treylerdə Peter Parkerin artıq əvvəlki kimi həyat sürə bilmədiyi, lakin yenə də Hörümçək Adam kimi şəhəri qoruduğu nümayiş olunur. O, yaxınlarının həyatını kənardan izləyir, lakin eyni zamanda özündə qəribə dəyişikliklər hiss etməyə başlayır.
Bu problemlərlə üzləşən Parker kömək üçün Bruce Bannerə müraciət edir. Maraqlıdır ki, Banner də onu xatırlamır, lakin vəziyyəti analiz edərək bildirir ki, Peterin bədəni hörümçəklərin bioloji dövrünə bənzər şəkildə dəyişir. Bu proses həm təhlükəli nəticələr doğura, həm də qəhrəmana yeni imkanlar qazandıra bilər.
Filmdə əvvəlki hissələrdən tanış olan bir sıra obrazlar geri qayıdır. Bunlar arasında:
- MJ (Zendaya)
- Ned Lids (Jacob Batalon)
- Bruce Banner / Hulk (Mark Ruffalo)
- Frank Castle / Punisher (Jon Bernthal)
- Mac Gargan / Scorpion (Michael Mando)
Eyni zamanda aktyor heyətinə yeni adlar da qoşulub. Sedi Sink, Tramell Tillman, Lisa Colon-Zayas və Marvin Jones II kimi aktyorlar layihəyə daxil edilərək süjetə yeni xətt qatacaqlar.
Premyera tarixi və Marvel planları
Filmin rejissoru kimi “Şan-Çi və On Üzük Əfsanəsi” ilə tanınan Destin Daniel Cretton çıxış edir. Layihə Marvel studiyasının ən uğurlu franşizalarından biri sayılan Hörümçək Adam seriyasının növbəti mərhələsi kimi qiymətləndirilir. Əvvəlki film “Evə yol yoxdur” dünya üzrə 1,9 milyard dollardan çox gəlir əldə edərək böyük kommersiya uğuru qazanmışdı.
Yeni ekran işinin dünya premyerası 31 iyul 2026-cı il tarixinə təyin olunub, bəzi ölkələrdə isə nümayiş bir gün əvvəl başlayacaq. Bununla yanaşı, Marvel kainatında Hörümçək Adam mövzusu genişlənməkdə davam edir.
Paralel olaraq “Spider-Noir” serialı da hazırlanır. Layihədə Nicolas Cage yaşlanmış və daha sərt xarakterli Hörümçək Adam obrazını canlandırır. Serial həm klassik qara-ağ, həm də rəngli versiyada təqdim olunacaq və 1940-cı illərin retro üslubunu əks etdirəcək.





