Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğasının baş verməsi gözlənilir.
Daylinews-az.com-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar nəticəsində günəş aktivliyinin səviyyəsi artıb.
Məlumatda qeyd olunur ki, kosmik aparatlar Yerə yönələn tac kütlə atılmalarını qeydə alıblar. “10-11 sentyabr tarixlərində günəş aktivliyi M (R1-R2 – mülayim orta) və müəyyən ehtimalla X (R3 – güclü) səviyyədə olacaq.”
Hal-hazırda geomaqnit qasırğasının orta səviyyədə olduğu bildirilib: “Sentyabrın 10-u saat 17:00-dan başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə çatacaq və sentyabrın 11-i səhər saat 06:00-da G2 (orta) səviyyəsində olacaq. Sentyabrın 11-i saat 13:00-dan etibarən geomaqnit sahə yenidən normal səviyyəyə qayıdacaq. Geomaqnit qasırğa əsasən yüksək coğrafi enliklərdə hiss ediləcək, orta coğrafi enliklərdə isə mülayim səviyyədə olacaq.”