Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu göndərib.
Daylinews-az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, Sahibə Qafarova öz adından və Azərbaycan Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və Türkiyə xalqına səmimi təbriklərini çatdırıb.
Məktubda Azərbaycan parlamentinin sədri vurğulayıb ki, 101 il əvvəl qəhrəman Türkiyə xalqının qazandığı zəfər və Cümhuriyyətin qurulması ilə Türkiyə Respublikası milli inkişaf yolunda önəmli addımlar ataraq, xüsusən son illərdə hərtərəfli tərəqqi sayəsində dünyanın aparıcı və güclü dövlətlərindən birinə çevrilib.
Sahibə Qafarova qeyd edib ki, ortaq tarix, milli-mənəvi dəyərlər və qardaşlıq bağları ilə bağlı olan Azərbaycan və Türkiyə xalqlarının iradəsi ilə formalaşmış dostluq və müttəfiqlik münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan bu münasibətlər hər sahədə inkişaf etməkdədir.
Məktubda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın güclənməsi üçün birgə səylərin uğurla davam etdiriləcəyi vurğulanır.





