Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və direktor müavini olmuş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsə 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib. Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.
Faktlar göstərir ki, 2023-cü ilin aprelindən etibarən Elşən Mustafayev və Zamin Əliyev birlikdə Narkoloji Mərkəzdə çalışan həkimlərin fəaliyyətinə mane olmamaq, xəstələrin stasionar müalicə müddətini uzatmaq, onları az xəstəliyi olan şöbələrə və tək nəfərlik palatalara yerləşdirmək, narkomaniya xəstələrini xüsusi terapiya proqramlarına cəlb etmək məqsədilə müxtəlif vətəndaşlardan rüşvət alıblar.
Toplanmış sübutlar əsasında onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2-ci maddə) və rüşvət alma (311.3.1 və 311.3.2-ci maddələr) maddələri üzrə ittiham elan olunub. Barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.





