Naxçıvan Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan Şəhər Təşkilatının birgə təşəbbüsü ilə “Konstitusiya və suverenlik ili” proqramı çərçivəsində YAP-ın yaranmasının 33-cü ildönümünə həsr olunmuş “Milli Qurtuluşdan Suverenliyə gedən yol” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev azərbaycançılıq ideologiyasının xalq-iqtidar-ordu birliyinin möhkəmlənməsində vacib rolunu vurğulayıb. O, gənclərin vətənpərvərliyə ruhlandırılması, milli kimlik və dövlətçilik prinsiplərinin təbliği üçün bu ideologiyanın əhəmiyyətindən danışıb. Rektor universitetdə tələbələrin təhsilinin və intellektual səviyyəsinin yüksəldilməsinin, dövlətə sədaqətin və sağlam siyasi baxışların aşılanmasının prioritet olduğunu qeyd edib. Həmçinin bildirilmişdir ki, partiya daxilində ziyalıların və fəal gənclərin yüksək faizi YAP-ın dayanıqlı inkişafı və mövqeyinin güclənməsi üçün mühüm amildir.
YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli partiyanın tarixi və hazırkı vəziyyəti barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP müstəqilliyin möhkəmlənməsində və ümummilli maraqların qorunmasında əsas siyasi qüvvə kimi formalaşıb. O, 2005-ci ildə Prezident İlham Əliyevin partiya sədri seçilməsi ilə Azərbaycanın siyasi və iqtisadi sahədə böyük uğurlar qazandığını qeyd edib. Partiyanın 33 illik fəaliyyət müddətində xalq qarşısında fədakarlıq nümunəsi olduğunu vurğulayıb.
Daha sonra YAP Universitet Ərazi Təşkilatının rəhbəri Bəhruz Məmmədov “Tarixi zəfərdən dövlət suverenliyinə: siyasi iradə, hərbi güc və milli həmrəylik” mövzusunda məruzə edib. Universitet professoru Hacıfəxrəddin Səfərli isə “30 yaşlı Konstitusiya və suverenliyin bərpası” mövzusunda çıxış edib.
“Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının IV kurs tələbəsi Saleh Zamanov “Yeni Azərbaycan Partiyası xalqın inam ünvanıdır” adlı məruzəsi ilə gənclərin partiyaya olan yüksək etimadını diqqətə çatdırıb.
Tədbir YAP-ın 33-cü ildönümünə həsr olunan videoçarxın nümayişi və partiya himninin səsləndirilməsi ilə başa çatıb. Konfransda partiya üzvlərinin mükafatlandırılması və yeni qəbul olunanlara üzvlük biletlərinin təqdimatı da həyata keçirilib.





