Dünyanın ən nüfuzlu kino mükafatlarından olan “Oskar”ın 98-ci təqdimetmə mərasiminə sayılı günlər qalır.
Los-Ancelesdəki “Dolby” teatrında keçiriləcək gecə həm rekord sayda namizədliklər, həm də diqqətçəkən filmlərlə yadda qalmağa namizəddir. Mərasimin aparıcısı bu dəfə məşhur komediya ustası Konan O’Braien olacaq.
Rekordlar və əsas namizədlər
Bu il diqqət mərkəzində olan film “Günahkarlar”dır. Rayan Kuqlerin rejissoru olduğu ekran işi 16 nominasiyayla tarixə düşərək builki liderə çevrilib. 100 milyon dollarlıq büdcə ilə çəkilən film dünya üzrə 365 milyon dollar gəlir əldə edib.
Digər iddialı namizədlər arasında:
- “Frankenşteyn” — 9 nominasiyalı, Gilermo del Toronun filmi
- “Hamnet” — 8 nominasiyalı
- “Yuxudakı qatar” — 3 nominasiyalı
- “Gizli agent” — 4 nominasiyalı
- “Sentimental dəyər” — 9 nominasiyalı
- “Buqoniya” — 4 nominasiyalı
- “Marti Suprim” — 9 nominasiyalı
- “F1” — 4 nominasiyalı
- “Bir döyüş, bir döyüş də” — 12 nominasiyalı
Bu ilin diqqətçəkən məqamlarından biri isə idman dünyasından tanınmış simanın — peşəkar boksçunun rol aldığı “Sarsılmaz” adlı filmin “Ən yaxşı qrim və saç tərtibatı” nominasiyasına layiq görülməsidir. Bu, filmin istehsalçılarının böyük uğuru kimi qiymətləndirilir.
Digər kateqoriyalar və gözləntilər
Sənədli film kateqoriyasında Danimarka–Çexiya istehsalı olan “Heç Kim Putinə Qarşı” adlı ekran əsəri əsas favoritlərdən sayılır və təhsil sistemində manipulyasiya mövzusunu araşdırması ilə seçilir.
Animasiya kateqoriyasında isə Rusiya rejissoru tərəfindən çəkilmiş “Üç bacı” filmi namizədlər arasındadır.
“Ən yaxşı rejissor” nominasiyasında yarışacaq adlar:
- Pol Tomas Anderson
- Rayan Kuqler
- Coş Safdi
- Yoaxim Trier
- Xloya Çjao
“Ən yaxşı aktrisa” nominasiyasında:
- Cessi Bakli
- Rouz Birn
- Keyt Hadson
- Renate Reynsve
- Emma Stoun
“Ən yaxşı aktyor” nominasiyasında isə:
- Timoti Şalame
- Leonardo DiKaprio
- İtan Houk
- Maykl B. Corc
- Vaqner Moura
Bu il “Oskar” yalnız kino sənayesinin nailiyyətlərini deyil, həm də cəmiyyət üçün aktual olan mövzuları — o cümlədən informasiya manipulyasiyası, sənət və siyasətin kəsişməsini gündəmə gətirir. Mərasimin çoxrəngli, emosional və mübahisəli anlarla zəngin olacağı gözlənilir.





