Sentyabrın 4-də, cümə axşamı, Parisdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərinin iştirakı ilə görüş baş tutacaq. Bu barədə Daylinews-az.com xəbər verir.
The Financial Times-ın yazdığına görə, görüş Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə keçiriləcək.
Görüşdə iştirak edəcək digər siyasətçilər: Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Ryutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen. Yelisey sarayı isə məsələ ilə bağlı şərh verməyib.
Xatırladaq ki, adıçəkilən liderlər avqustun 18-də Ağ evdə keçirilən sammitdə iştirak etmişdilər. O zaman müzakirə olunan əsas mövzulardan biri Ukraynaya təhlükəsizlik təminatları idi.
Avropa Komissiyasının rəhbəri FT-yə müsahibəsində bildirib ki, Avropanın atəşkəsdən sonra Ukrayna ərazisində qoşunların yerləşdirilməsi üçün “dəqiq planı” var. O əlavə edib ki, Avropa İttifaqı təhlükəsizlik təminatları çərçivəsində Ukrayna ordusu üçün yeni maliyyə mənbələri axtarır. Ursula fon der Lyayenin sözlərinə görə, ABŞ prezidenti Avropanı əmin edib ki, “ABŞ-ın iştirakı dəstək çərçivəsində təmin olunacaq”.





