EvSiyasətRespondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - SORĞU

Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər – SORĞU

2024-cü ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Bu təşəbbüsün Azərbaycan ictimaiyyəti tərəfindən necə qarşılandığını öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi (STM) rəy sorğusu keçirib.

Daylinews-az-nın verdiyi məlumata görə, sorğunun nəticələri göstərib ki, iştirakçıların 84,3%-i Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyir. Sorğuda iştirak edənlərin 13,4%-i bu təşəbbüsü dəstəkləmədiyini, 2,3%-i isə mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib.

Ortaq əlifbanın yaradılması dil və yazı birliyini təmin etməklə yanaşı, türk dövlətləri arasında mədəni və təhsil mübadiləsinin genişlənməsinə, həmçinin inteqrasiya və əməkdaşlığın güclənməsinə böyük töhfə verə bilər. Bu təşəbbüsün digər məqsədləri isə qlobal miqyasda birliyi gücləndirmək və türk dünyasında dil, fikir və əməldə daha sıx birliyi təmin etməkdir.

Sorğu 2024-cü ilin 17-27 sentyabr tarixlərində, 18 yaş və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulu (CATI) ilə keçirilib. Seçmə ehtimallı üsulla, ölkə əhalisinin paylanmasına uyğun olaraq müəyyən edilib və gender balansı qorunub. Sorğuda 12 iqtisadi rayon əhatə olunub, telefon zəngləri müvafiq məlumat bazasından təsadüfi üsulla seçilmiş nömrələrə edilib.

Sorğu tamamilə anonim şəkildə və könüllülük prinsipi əsasında aparılıb. Respondentlərə məlumatlar yalnız ümumiləşdirilmiş formada istifadə ediləcəyi barədə məlumat verilib. Sorğunun nəticələrinin xəta payı 95% əminlik intervalında 5% təşkil edir.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər