Son illərdə texnologiyanın sürətli inkişafı nəticəsində QR-kodlardan istifadə həyatın demək olar ki, bütün sahələrinə daxil olub.
Artıq restoran menyularında, ictimai nəqliyyatda, mağazalarda ödəniş sistemlərində və hətta dövlət qurumlarının xidmətlərində belə bu kodlardan geniş istifadə olunur. Sadəcə bir skanla məlumat əldə etmək, vaxt qənaətini və rahatlığı təmin edir. Lakin bu sadə görsənən texnologiya bəzi hallarda ciddi təhlükə qaynağına çevrilə bilər.
Saxta QR-kod təhlükəsi artır
Bəzi hallarda istifadəçilər saxta QR-kodlarla qarşılaşır və nəticədə şəxsi məlumatlarını, bank kartı məlumatlarını və ya telefonlarındakı mühüm informasiyanı itirirlər. Xüsusilə ictimai yerlərdə yerləşdirilən kodlar bu baxımdan daha risklidir. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, bu cür saxtalaşdırılmış keçidlər vasitəsilə vətəndaşların fərdi məlumatları cəmi bir neçə saniyə ərzində ələ keçirilə bilər.
İnformasiya texnologiyaları üzrə ekspert Coşqun Mehdiyev məsələ ilə bağlı bildirib: “Ən böyük problem istifadəçilərin yönləndirildiyi keçidlərdə olur. Bir çox hallarda insan heç bilmədən saxta vebsayta daxil olur. Bu anda şəxsin bank kartı məlumatları və telefonundakı digər məlumatlar hücuma açıq vəziyyətə gəlir. Bəzən isə həmin keçidlərdən zərərli proqramların yüklənməsi baş verir”.
Mütəxəssislərdən təhlükəsizlik tövsiyələri
Mütəxəssislər vətəndaşlara məsləhət görürlər ki:
- Tanımadıqları və ya şübhəli yerlərdə yerləşdirilən QR-kodları skan etməsinlər.
- Kodları yalnız rəsmi mənbələrdə, məsələn, restoranın öz menyusundan və ya satıcı tərəfindən təqdim olunan orijinal materiallardan istifadə etsinlər.
- Hər hansı kod skan edilən kimi qarşıya çıxan keçid ünvanının domenini diqqətlə yoxlasınlar.
- Telefonlarında antivirus proqramları və sistem yeniləmələrini daima aktiv saxlasınlar.
Son zamanlar Avropa və Asiya ölkələrində də saxta QR-kod vasitəsilə kibercinayət hallarının artması diqqət çəkir. Azərbaycanda isə oxşar halların qarşısının alınması məqsədilə İnformasiya Təhlükəsizliyi Mərkəzi tərəfindən ictimai maarifləndirmə aksiyaları keçirilir.





