Xalq artisti Röya Ayxan Fransada keçirilən Kann Kino Festivalı çərçivəsində baş tutan I Success Top 100 Awards Gala tədbirində xüsusi mükafata layiq görülüb.
Tanınmış müğənni qara-ağ rəngli ziyafət libası ilə qırmızı xalçada görünüşü ilə böyük maraq doğurub. Röyanı tədbirdə məşhur stilist Anar Ağakişiyev müşayiət edib.
Azərbaycan musiqisinin mədəniyyət elçisi
Tədbir çərçivəsində Röya Ayxan “Azərbaycan musiqisinin mədəniyyət elçisi” mükafatına layiq görülüb. Bu mükafat müğənninin müasir milli musiqimizin inkişafına və tanıdılmasına verdiyi töhfəyə görə təqdim olunub.
Qeyd edək ki, I Success beynəlxalq səviyyədə biznes, incəsənət, mədəniyyət və innovasiya sahəsində uğurlu şəxsləri tanıdan və onlara dəstək verən platformadır. Layihənin əsas tədbiri olan I Success Top 100 Awards Gala indiyədək Buxarest, Kann kimi şəhərlərdə təşkil olunub. Gecədə fərqlənən 100 şəxs və qurum mükafatlandırılır.
Tədbirin məqsədi – yaradıcı və uğurlu şəxsləri bir araya gətirmək, əməkdaşlıq imkanları yaratmaq və ilhamverici bir mühit formalaşdırmaqdır.





