Kolumbiyalı dünya ulduzu Şakira Braziliyanın Rio-de-Janeyro şəhərində möhtəşəm pulsuz konsert proqramı ilə çıxış edib. Kopakabana çimərliyində keçirilən bu nəhəng musiqi tədbirinə təxminən 2 milyon tamaşaçı qatılıb. Şou müğənninin “Las Mujeres Ya No Lloran” albomu çərçivəsində təşkil olunan dünya turunun bir hissəsi olub və artıq ilin ən yaddaqalan musiqi hadisələrindən biri kimi qiymətləndirilir.
Təxminən üç saat davam edən konsertdə Şakira öz repertuarının ən məşhur hitlərini səsləndirib. Tamaşaçılar “Hips Don’t Lie”, “Waka Waka (This Time for Africa)”, “La Tortura” və “Whenever, Wherever” kimi mahnılarla əsl musiqi bayramı yaşayıblar. Enerjili çıxış və səhnə performansı minlərlə insanı eyni anda coşdurub.
Konsert zamanı Şakira səhnədə tək olmayıb. Ona Braziliyanın tanınmış musiqiçiləri – tropikaliya janrının öncüllərindən sayılan Kaetano Veloso və onun bacısı Maria Betaniya qoşulublar. Bundan əlavə, populyar braziliyalı ifaçı Anitta da səhnəyə çıxaraq “Choka Choka” mahnısını birlikdə ifa edib.
Kopakabana çimərliyində bu cür nəhəng konsertlər artıq ənənəyə çevrilib. Əvvəlki illərdə burada Madonna və Ledi Qaqa kimi dünya ulduzları çıxış etmişdi. Şakira üçün isə bu konsert xüsusi əhəmiyyət daşıyıb. O, səhnədən etdiyi çıxışda Braziliyaya ilk səfərini – 18 yaşında olduğu dövrü xatırladığını bildirib.
Qeyd edək ki, “Las Mujeres Ya No Lloran” albomu müğənninin son 19 ildə buraxdığı ilk tam ispan dilli studiya işidir və artıq dünya üzrə böyük maraqla qarşılanıb.





