Skuter üzərində iki nəfərin eyni anda hərəkət etməsi tarazlığın pozulması, qəza ehtimalının artması və nəticədə ictimai təhlükəsizlik üçün risk yaradır.
Daylinews-az.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, skuterdə yalnız bir nəfərin hərəkət etməsi təhlükəsizlik baxımından vacibdir.
Hüquqi tərəfi: İki nəfərlik sürüş cərimələnir
Daylinews-az.com-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bildirib ki, skuterdə iki nəfərin eyni anda hərəkət etməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 338.4-1-ci maddəsinə əsasən inzibati xəta hesab olunur.
“Kiçik elektrikli nəqliyyat vasitələrinin (o cümlədən skuterlərin) idarə edilməsi zamanı sərnişin daşınması və ya idarəetməyə mane olan yüklərin daşınması qanunla qadağandır. Bu qaydanın pozulması halında sürücü 40 manat məbləğində cərimə olunacaq.”
Qanunvericiliyə əsasən:
- Skuter ikitəkərli nəqliyyat vasitəsi kimi yalnız bir nəfərin istifadəsi üçün nəzərdə tutulub
- Əlavə sərnişin və ya yük idarəetməyə maneə yaratdığı üçün qanun pozuntusu sayılır
BDYPİ həmçinin vətəndaşlara skuterlərdən düzgün və qaydalara uyğun istifadə etməyi tövsiyə edir.





