Hollywood ulduzu Tom Kruz 16 noyabrda Los-Ancelesdə keçirilən Governors Awards mərasimində ömürlük nailiyyətlərini qeyd edən “Oskar” mükafatına layiq görüldü. Bu, aktyorun 45 ildən artıq davam edən karyerasında ilk dəfə aldığı ən yüksək kino mükafatıdır. Nüfuzlu mükafatı ona rejissor Alehandro İnnyaritü təqdim edib. İnnyaritü hazırda Kruzun həyatını mövzu alan, adının hələ açıqlanmadığı və 2026-cı ilin oktyabrında nümayiş olunacaq filmin rejissorudur.
Mükafatı qəbul edən Kruz səhnədə duyğusal çıxış edərək kino sənətinə olan sevgisini vurğulayıb və bu sənətin insanları birləşdirmə gücündən danışıb. O bildirib ki, kino ona dünyanın müxtəlif yerlərini tanımağa yardım edib, müxtəlif kültürləri anlamağa imkan yaradıb: “Biz fərqliyimizə hörmət edir, amma bir o qədər də oxşarlığımızı görürük. Qaranlıq zalda hamımız birlikdə gülür, hiss edir və ümid edirik. Məhz budur sənətin gücü və mənim üçün sənət yalnız bir iş deyil, həyat tərzidir.”
Kruz həmçinin ilk dəfə kino sənətinə olan marağını, uşaq vaxtı kinoteatrda işıq şüasının salona düşdüyü anı xatırlayıb və bu dəqiqələrdə dünyanı kəşf etmək həvəsinin yaranmasını qeyd edib.
Qeyd etmək lazımdır ki, Tom Kruz karyerası ərzində dörd dəfə “Oskar” nominasiyasına layiq görülüb: “Doqquz iyulda doğulmuş” və “Cerri Maquayr” filmlərində ən yaxşı aktyor, “Magnoliya” filmində isə ikinci plan aktyoru kimi, həmçinin “Ən yaxşı döyüşçü: Mavrik” filmində prodüser olaraq. Lakin uzun illərin ardından ona həyat boyu xidmət mükafatı olaraq bu şərəfli statu təqdim edilib.





