ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın onun yeni büdcə qanun layihəsinə qarşı səsləndirdiyi sərt tənqidlərə cavab verib. Prezident, Tesla və SpaceX-in sahibi olan Maskın biznesini dövlət subsidiyaları olmadan davam etdirə bilməyəcəyini bildirib.
“İlon bəlkə də tarixdə ən çox subsidiyadan faydalanan şəxsdir. Bu dəstək olmasaydı, biznesini bağlayıb Cənubi Afrikaya geri dönmək məcburiyyətində qalardı”, – deyə Tramp sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, o zaman “nə raket buraxılışları, nə peyklər, nə də elektromobil istehsalı olardı” və ABŞ “nəhəng məbləğdə vəsaitə qənaət etmiş olardı”.
DOGE ilə istehza
Tramp paylaşımının sonunda kriptovalyuta olan DOGE-ə eyham vuraraq yazıb: “Bəlkə də bu məsələni DOGE-yə həvalə etməliyik?” Bu açıqlama həm istehzalı, həm də Maskın DOGE-lə bağlı əvvəlki fəaliyyətlərinə ironik bir cavab kimi qəbul edilib.
Mask: “Ən böyük borc artımına səs verənlər başını aşağı salsın”
İlon Mask isə daha əvvəl Konqresi Trampın təqdim etdiyi yeni vergi və xərclər qanun layihəsini qəbul etməməyə çağırmışdı. O bildirib:
“Kim ki, seçkilərdə xərcləri azaldacağına söz verib, amma indi tarixdə ən böyük dövlət borcu artımına səs verir, o, başını utancla aşağı salmalıdır. Onlar gələn il ilkin seçkilərdə uduzacaqlar – əgər bu dünyada son edə biləcəyim şey varsa, o da bu olacaq.”
Mask daha sonra əlavə edib ki, əgər qanun layihəsi qəbul olunsa, o, “America Party” adlı yeni siyasi qüvvə yaradacaq.
Trampı Epşteyn işində ittiham etmişdi
Mask bu gərginliyin əvvəlində Trampı maliyyəçi Ceffri Epşteynin işinə qarışmaqda da ittiham etmişdi. Tramp isə buna cavab olaraq Maskı “dəli” adlandırmış və SpaceX də daxil olmaqla onun şirkətlərinə ayrılan dövlət subsidiyalarını dayandıracağı ilə hədələmişdi.
Tərəflər arasında “telefon sülhü”
Gərginlik bir müddət sonra, 6 iyun tarixində tərəflərin nümayəndələri arasında keçirilən telefon danışığından sonra azalmış və müvəqqəti olaraq “barışıq” əldə olunmuşdu.





