Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçilərə və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.
Bu barədə məlumatı Şuranın Mətbuat xidməti rəsmi feysbuk hesabında paylaşıb. Qərar sentyabrın 19-da verilib və bu addım təhlükəsizlik məsələləri ilə əlaqədar atılıb.
Qadağa hərbi qulluqçulara, dövlət qulluqçularına, təhlükəsizlik və müdafiə sahəsində çalışan əməkdaşlara, eləcə də vacib infrastruktur operatorlarına aiddir. Onlara xidməti cihazlarda teleqramı quraşdırmaq və ondan istifadə etmək qəti şəkildə qadağan edilib. Bununla belə, xidməti öhdəliklərinə teleqramdan istifadə daxil olan dövlət qulluqçuları bu qadağadan istisna ediləcək.
Ukrayna xüsusi xidmət orqanları Rusiyanın teleqram mesencerini kiberhücumlar və raket hücumlarının koordinasiyası üçün istifadə etdiyini iddia edir. Bu səbəbdən, təhlükəsizlik tədbiri olaraq belə bir qərar qəbul edilib.