6 noyabrda Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin dövlət başçıları ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş region üçün mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu barədə “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert İlqar Hüseynli açıqlamasında bildirib.
İ.Hüseynliyə görə, Trampın təşəbbüsü ilə baş tutan görüş ABŞ-ın Mərkəzi Asiyaya artan maraqlarının göstəricisidir. Mərkəzi Asiya həm sərhədləri, həm də Xəzər dənizi vasitəsilə Azərbaycan, Cənubi Qafqaz və Türkiyəyə çıxış imkanları baxımından strateji əhəmiyyətə sahibdir. Bu, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi mesajdır.
Nəzərəçarpan məqam Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin gələcəkdə bu formatda Azərbaycanın da iştirakını təklif etməsidir. Bu, Azərbaycanın regiondakı artan nüfuzunun və kommunikasiya layihələrindəki rolunun beynəlxalq səviyyədə qəbulunu ifadə edir.
İ.Hüseynli əlavə edib ki, Trampın iştirakı ilə keçirilən görüşlər, o cümlədən Prezident İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanla aparılan müzakirələr, bölgədə yeni siyasi və iqtisadi nizamın yaranmasına yönəlib. “Xüsusən Zəngəzur dəhlizi ilə bağlı ABŞ şirkətləri tərəfindən imzalanan 100 illik infrastruktur müqaviləsi, regionda ABŞ-ın maraqlarının möhkəmləndiyini göstərir. Bu layihə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən yeni kommunikasiya xətti yaradır.”
Ekspert “Yeni İpək Yolu”nun bərpası layihəsinin yalnız avtomobil yollarından ibarət olmadığını, eyni zamanda Bakı-Axalkalaki-Qars və İğdır marşrutları kimi dəmir yolu əlaqələrinin də inteqrasiyasını nəzərdə tutduğunu vurğulayıb. Bu da yükdaşıma sistemində əhəmiyyətli dəyişikliklər yaradacaq.
İ.Hüseynli deyib ki, ABŞ üçün bu infrastruktur mərkəzində olmaq strateji üstünlükdür və həmin bölgədə enerji və mineral ehtiyatlara, həmçinin nəqliyyat şəbəkələrinə nəzarəti təmin edir. Belə bir nəhəng layihə həmçinin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın mövqeyi və geosiyasi perspektivlərinə toxunan ekspert bildirib ki, Mərkəzi Asiyanın ixrac marşrutlarının Orta Dəhliz və Zəngəzur dəhlizi üzərindən keçirilməsi ölkəmizə həm iqtisadi, həm də siyasi faydalar gətirəcək. Bu, Azərbaycanın nəqliyyat düyünü olaraq rolunu gücləndirəcək və ərazi bütövlüyünün təminatını artıracaq.
O, həmçinin qeyd edib ki, bu bölgədə geosiyasi balansdakı dəyişikliklər bəzi riskləri də özündə ehtiva edir. ABŞ-ın Mərkəzi Asiya siyasəti uzunmüddətli və strateji maraqlara əsaslanır və gələcək administrasiyalar tərəfindən davam etdirilmək niyyətindədir.
İ. Hüseynli Moskva- Kiyev müharibəsi fonunda Rusiyanın regiondakı təsirinin azalmasının Cənubi Qafqazda yeni geosiyasi nizamın yaranmasını sürətləndirdiyini vurğulayıb. Rusiyanın iqtisadi və siyasi mövqelərinin zəifləməsi davam etsə, bu Cənubi Qafqazda sülhün güclənməsinə əsas verə bilər.





