EvMədəniyyətVyanada “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib

Vyanada “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib

Üzeyir Hacıbəyliyə həsr olunmuş 140 illik yubiley çərçivəsində, oktyabrın 30-da Avstriyanın paytaxtı Vyanada məşhur “Arşın mal alan” operettasının yeni quruluşda premyerası olub. Bu haqda Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tədbir öncəsi mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyananın Dunay parkında yerləşən böyük bəstəkarın abidəsini ziyarət edib, önünə çiçək dəstələri qoyub. Sonra operettanın oynanacağı teatrın foyesində Üzeyir Hacıbəyli həyatına və yaradıcılığına həsr edilmiş fotosərgi açılıb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək, bəstəkarın milli mədəniyyətdəki əhəmiyyətinə toxunub.

Murad Hüseynov qeyd edib ki, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və gənc nəsillərə ötürülməsi Azərbaycanın dövlət siyasətində prioritet olaraq qalır. Dövlət başçısının bəstəkarın 140 illik yubileyinin qeyd olunması barədə imzaladığı sərəncam bu diqqətin bariz təzahürüdür.

Premyera tamaşası Alman dilində təqdim olunub. Tamaşanın rejissoru Rita Serayniq, bədii rəhbəri, dirijor və bəstəkar isə Maykl Şnakdır. Səhnənin rəssam işi Kristian Ariel Heredianın, geyimlərin dizaynı isə Vüsal Rəhimə aiddir. Xoreoqrafiya ilə Suzanne Riets məşğul olub.

Tamaşa Azərbaycanın Vyanadakı nümayəndə heyəti, burada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın aparıcı teatr və festival rəhbərləri, eləcə də yerli media nümayəndələri və azərbaycanlıların iştirak ilə izlənilib. Musiqili komediya müasir dövrümüzə uyğunlaşdırılaraq nümayiş etdirilib və alqışlarla qarşılanıb.

“Arşın mal alan” operettası oktyabrın 31-də və noyabrın 2-də “Akzent” Teatrında nümayiş olunacaq. Qeyd edək ki, bu operetta Vyanada ilk dəfə 2006-cı ildə təqdim edilmişdi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər