Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin bir sıra əsas komponent və funksiyalarında ciddi nasazlıqlar olduğunu təsdiqləyib. Bu barədə “Neowin” nəşri məlumat yayıb.
Bildirilir ki, çoxsaylı istifadəçi şikayətlərini araşdıran Microsoft, “Başlat” menyusu, tapşırıqlar paneli, “Explorer” və “Windows” parametrləri kimi əsas bölmələrdə nasazlıqların mövcud olduğunu təsdiqləyib. Bu problemlər 24H2 versiyasında müşahidə edilib və 25H2 versiyasına da təsir edir, çünki hər iki versiya eyni infrastrukturdan istifadə edir.
Şirkət noyabr ayında bu məsələləri rəsmən qəbul edib. Maraqlıdır ki, əksər nasazlıqlar iyul ayında KB5062553 yenilənməsindən sonra başlayıb. Microsoft problemi aradan qaldırmaq üçün iş aparır və hazırda təcrübəli istifadəçilərə “Shell Infrastructure Host” (SIHost.exe) xidmətini yenidən başlatmaqla müvəqqəti həll yolu təklif olunur. Bu əməliyyat “Immersive Shell” paketlərinin funksionallığını bərpa etməyə kömək edir.
Noyabr ayının sonunda isə Microsoft Windows 11 üçün böyük yeniləmə təqdim edəcəyini açıqlayıb. Bu yenilik süni intellektlə bağlı yeni funksiyalar əlavə edəcək, İİ agentləri isə istifadəçilərin tapşırıqlarını fon rejimində yerinə yetirmək imkanı əldə edəcəklər.





