Nizami Kino Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı: Əsir uşaqlıq” adlı sənədli filmin təqdimatı keçirilib. Ekran işi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində hazırlanıb.
Təqdimatdan əvvəl Xocalı faciəsini əks etdirən fotolardan ibarət xüsusi sərgi təşkil edilib. Sərginin məqsədi 1992-ci ilin fevralında baş verən və yüzlərlə dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən hadisələri bir daha xatırlatmaq, qurbanların xatirəsini ehtiramla yad etmək olub.
Girovluq faciəsi sənədli ekran işində
Film Xocalıda yaşamış Məmmədovlar ailəsinin səkkiz üzvünün girov götürülməsi və əsirlikdə yaşadıqları ağır günlər üzərində qurulub. Ekran əsərində şahid ifadələri, arxiv materialları və şəxsi xatirələr vasitəsilə həmin dövrün ağrılı mənzərəsi tamaşaçılara çatdırılır.
Tədbirdə çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıblar.
“CVN Group”un baş direktoru və filmin müəllifi Səbinə Məlikova, eləcə də soyqırımın canlı şahidi Mürvət Məmmədov əsirlikdə yaşananların unudulmamasının vacibliyini qeyd ediblər.
Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvanə Cəlallı isə bildirib: “Film Xocalı soyqırımını həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə gündəmdə saxlamaq və milli yaddaşı gücləndirmək məqsədi daşıyır”.
Qeyd edək ki, layihə Gənclər Fondu, “Belə-belə işlər”, CVN TV və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.






