Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd su anbarında ekoloji nəzarət gücləndirilib. Ərazi və onun ətrafında mümkün qanun pozuntularının vaxtında aşkarlanması məqsədilə onlayn rejimdə işləyən 6 ədəd müşahidə kamerası quraşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bir müddət əvvəl aparılan monitorinq və nəzarət tədbirləri zamanı su anbarında və ətraf sahələrdə ekoloji qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdi.
Qeyd olunub ki, həmin pozuntular ərazidə təbii tarazlığın pozulmasına, su hövzəsinin və ekosistemin zərər görməsinə səbəb olub.
Günəş enerjisi ilə işləyən kameralar
Nazirlikdən bildirilib ki, fasiləsiz müşahidənin təmin edilməsi və operativ reaksiya mexanizminin gücləndirilməsi məqsədilə pilot layihə çərçivəsində kameralar günəş panelləri ilə təchiz edilib. Bu sistem ərazidə elektrik infrastrukturundan asılılığı aradan qaldırmaqla davamlı nəzarətə imkan yaradır.
Rəsmi açıqlamada vurğulanıb: “Yenikənd su anbarı və ətrafında ekoloji qanunvericiliyə zidd halların qarşısının alınması üçün müasir müşahidə avadanlıqları quraşdırılıb. Görülən tədbirlər nəticəsində ərazidə qeydə alınmış pozuntular aradan qaldırılıb və hazırda fasiləsiz nəzarət həyata keçirilir”.
Yeni nəzarət mexanizmi su ehtiyatlarının qorunması, biomüxtəlifliyin saxlanılması və qanunsuz fəaliyyətlərin qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndirilir. Layihənin gələcəkdə digər mühafizə olunan ərazilərdə də tətbiqi nəzərdə tutulur.





