EvSiyasətQadın hərbi qulluqçular üçün ilkin müqavilə müddəti azaldılır

Qadın hərbi qulluqçular üçün ilkin müqavilə müddəti azaldılır

Azərbaycanda qadınların müddətdən artıq həqiqi hərbi xidmətə qəbulu ilə bağlı mühüm dəyişiklik təklif olunur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, qadınlarla bağlanan ilkin xidmət müqaviləsinin müddəti 3 ildən 6 aya endirilə bilər.

Dəyişiklik “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiqi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilənlər – o cümlədən qadınlar və ehtiyatdan daxil olan şəxslər – üçün ilkin bağlaşma müddəti 3 il müəyyən edilib.

Dəyişiklik nəyi nəzərdə tutur?

Müzakirələr zamanı bildirilib ki, kişi vətəndaşlar müddətdən artıq xidmətə başlamazdan əvvəl artıq müddətli həqiqi hərbi xidmət keçdikləri üçün hərbi mühitə uyğunlaşma mərhələsini arxada qoyurlar.

Qadınlar isə müddətli xidmət keçmədən birbaşa müddətdən artıq xidmətə qəbul olunduqları üçün ilk mərhələdə adaptasiya baxımından çətinliklərlə üzləşirlər. Məhz bu səbəbdən qadınlarla dərhal 3 illik müqavilə bağlanması onların uzunmüddətli öhdəlik götürməsinə gətirib çıxarır.

Təcrübədə isə ailə vəziyyəti və digər obyektiv amillər səbəbindən vaxtından əvvəl ehtiyata buraxılma halları müşahidə olunur ki, bu da kadr sabitliyinə mənfi təsir göstərir.

Təklif olunan dəyişiklik qadın hərbi qulluqçulara 6 aylıq ilkin müqavilə ilə xidmətə başlamaq imkanı yaradacaq. Bu müddət uyğunlaşma dövrü kimi qiymətləndirilir və tərəflərə gələcək əməkdaşlıq barədə daha əsaslandırılmış qərar verməyə şərait yaradacaq.

Qeyd olunur ki, yeni yanaşma həm qadınların hərbi xidmətə inteqrasiyasını asanlaşdıracaq, həm də Silahlı Qüvvələrdə kadr axınının azalmasına və xidmətin təşkilində səmərəliliyin artmasına xidmət edəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər