Qərbi Azərbaycanla bağlı dərin mənəvi və mədəni duyğuları əks etdirən “Zəngəzur mahnısı” adlı yeni musiqi əsəri ictimaiyyətə təqdim olunub. Bu layihə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşəbbüsü və ideyası əsasında ərsəyə gətirilib.
Daylinews-az.com xəbər verir ki, layihənin ideya müəllifi Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovdur. Mahnının yaradılmasında peşəkar sənət komandası iştirak edib.
Mahnının yaradıcı heyəti:
- Sözlərin müəllifi: Şahin Musaoğlu – bir çox məşhur musiqi nümunələrinin müəllifi
- Bəstəkar: Əməkdar artist Vüqar Camalzadə
- İfaçılar:
- Xalq artistləri: Mübariz Tağıyev, Tünzalə Ağayeva
- Əməkdar artistlər: Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov
- Gənc ifaçı: İlkin Dövlətov
- Balaban və zurna ifaçısı: Fəqan Rəhmanoğlu
- Səs rejissoru: Əməkdar incəsənət xadimi Faiq Babayev
- Prodüser: Riad Quliyev
- Layihə koordinatoru: Fərqanə Cabbarova
Bu musiqi nümunəsi təkcə melodik gözəlliyi ilə deyil, həm də daşıdığı mesajlarla diqqət çəkir. “Zəngəzur mahnısı” Qərbi Azərbaycana qayıdış ideyasını, mədəni yaddaşın yaşadılmasını və milli hədəflərin sənət dili ilə ifadəsini özündə ehtiva edir.
Layihənin maliyyə dəstəyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təmin olunub. Mahnıya Şərqi Zəngəzurda klip çəkilməsi də nəzərdə tutulur.
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi bildirib ki, bu emosional və mənəvi yüklü mahnının dinləyicilər tərəfindən sevgi ilə qarşılanacağına inanır.
Bundan etibarən “Zəngəzur mahnısı”nı Azərbaycan radiolarında dinləmək mümkündür.





