Azərbaycan Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi üzrə ilkin rəqəmləri açıqlayıb. Proqnozlara görə, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,5 milyard manat olacaq. Nəticədə büdcə kəsiri 3,1 milyard manata çatacaq ki, bu da əvvəlki illə müqayisədə daha yüksək göstəricidir.
Büdcənin əsas parametrləri
Millət vəkili, iqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı açıqlamasında bildirib ki, 2026-cı il üçün büdcədə neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Deputatın sözlərinə görə, bu yanaşma əvvəlki illərlə müqayisədə daha az konservativ hesab oluna bilər, çünki beynəlxalq təşkilatların proqnozları 50-60 dollar aralığında dəyişir.
Bununla yanaşı, Bayramov qeyd edib ki, gələn ilin ən müsbət məqamlarından biri qeyri-neft gəlirlərinin ümumi büdcə daxilolmalarında 57,4%-lik paya çatmasıdır. Bu, Azərbaycanın fiskal tarixində ən yüksək göstərici olacaq.
Xərclərin istiqamətləri
Deputatın sözlərinə görə, 2026-cı ildə büdcə xərcləri əsasən belə bölünəcək:
- Müdafiə və milli təhlükəsizlik – 8,7 milyard manat
- İqtisadi fəaliyyət – 7,6 milyard manat
- Sosial müdafiə və sosial təminat – 4,8 milyard manat (ümumi xərclərin 11,7%-i)
Ümumilikdə sosial xərclərin dövlət büdcəsinin 40%-dən çoxunu təşkil edəcəyi vurğulanıb.
Pensiyaların artırılması
Deputat həmçinin mühüm sosial yeniliyə də toxunub: “2026-cı ilin yanvarından bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər artıq büdcədə nəzərə alınıb,” – deyə Bayramov bildirib.





