ABŞ Maliyyə naziri Skott Bessent Madriddə keçirilən danışıqlar zamanı Vaşinqton və Pekinin TikTok-un ABŞ bölmələrinin mülkiyyət hüquqlarının ötürülməsi üzrə çərçivə razılaşmasına gəldiyini açıqlayıb. Nazirə görə, yekun sövdələşməni cümə günü prezident Donald Tramp və Çin lideri Si Cinpin təsdiqləyəcəklər.
TikTok ətrafında uzunmüddətli mübahisələr
2018-ci ildə Çin startapı ByteDance tərəfindən istifadəyə verilən TikTok bu gün 150 ölkədə 1,5 milyarddan çox istifadəçiyə malikdir. Şirkət daim beynəlxalq xarakterini vurğulasa da, bir sıra dövlətlər platformanı Çinin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edir.
ABŞ-da isə TikTok-un fəaliyyəti 2020-ci ildən bəri risk altındadır. Donald Tramp hələ ilk prezidentlik dövründə tətbiqi qadağan etməklə hədələyirdi. Bu səbəbdən Çinə məxsus sahibkar üçün yeganə çıxış yolu — ABŞ seqmentinə yeni alıcı tapmaq olmuşdu.
Madrid danışıqlarının nəticələri
Tramp Truth Social platformasında yazıb ki, son danışıqlar “çox yaxşı” keçib. Çin də razılaşmanı təsdiqləyib, lakin vurğulayıb ki, heç bir sövdələşmə Çin şirkətlərinin maraqlarına zidd olmayacaq.
Bessentin sözlərinə görə, ABŞ-da TikTok-un bağlanma təhlükəsi Çin tərəfini güzəştə getməyə vadar edib. Bu dəfə onlar ticarət tariflərinin azaldılması tələbindən imtina ediblər.
ABŞ rəsmiləri bildirirlər ki, razılaşdırılmış şərtlər milli təhlükəsizlik maraqlarını qoruyacaq. Lakin müqavilə hələ hər iki ölkənin liderləri tərəfindən təsdiqlənməlidir.
Qanuni məqamlar və vaxt məhdudiyyəti
2024-cü ilin aprelində qəbul edilən qanuna görə, əgər ByteDance ABŞ bölməsini satmasa, TikTok ölkədə qadağan ediləcək. Bu qərarı 2025-ci ilin yanvarında ABŞ Ali Məhkəməsi dəstəkləmişdi.
Hazırda sövdələşmə üçün son möhlət 17 sentyabr müəyyən olunub. Qanun qüvvəyə minəndən sonra TikTok qısa müddətlik dayandırılsa da, Trampın müdaxiləsi ilə üç dəfə vaxt uzadılıb.
Potensial alıcılar
Platformanın mümkün alıcıları arasında Tesla rəhbəri İlon Mask, YouTube ulduzu MrBeast və milyarder investor Frank MakKort kimi adlar çəkilib.





