Bakıda Azərbaycan kinematoqrafiyasının 128 illik tarixini əhatə edən “Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898–2025)” kitabının rəsmi təqdimatı keçirilib. Layihə BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib və tədbirdə mədəniyyət sahəsinin nümayəndələri, deputatlar, kino xadimləri və ictimai şəxslər iştirak ediblər.
Milli kino tarixinin ən geniş həcmli ensiklopedik nəşrlərindən biri
Təqdimatı açan BP-Azerbaijan şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı kitabın Azərbaycan kino irsinin sistemləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, nəşr ölkə kino tarixində ilk dəfə olaraq dörd cild şəklində hazırlanıb və kinematoqrafiyanın müxtəlif mərhələlərini ardıcıllıqla göstərir. Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, Azərbaycan kinosu 128 il ərzində həm böyük uğurlar, həm də mürəkkəb inkişaf dövrləri yaşayıb.
Onun sözlərinə görə, “Azərbaycan Mədəniyyəti 2040” konsepsiyasında kino sənayesinin modernləşdirilməsi və innovativ yanaşmaların tətbiqi əsas istiqamətlərdən biridir. Nazir müavini əlavə edib ki, son üç ildə Azərbaycan Kino Agentliyi beynəlxalq kino qurumları ilə 7 əməkdaşlıq sazişi imzalayıb.
Nəşrin arxasında dayanan zəhmət və kinoşünasların rolu
BP-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də çıxış edərək, kino sənayesinin milli yaddaşın formalaşmasında mühüm rol oynadığını xatırladıb:
“Milli-mənəvi dəyərlər, tarixi yaddaş və cəmiyyətin ideoloji baxışları filmlər vasitəsilə nəsildən-nəsilə ötürülür. Kino Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunmasında ən təsirli vasitələrdən biridir”.
Ensiklopediyanın müəllifi, əməkdar incəsənət xadimi və kinoşünas Aydın Kazımzadə isə kitabın ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, 63 il ərzində kino sahəsində apardığı araşdırmaların nəticələri bu nəşrdə toplu şəkildə yer alıb:
“Bu kitab mənim ömürlük fəaliyyətimin yekunu kimi böyük əhəmiyyət daşıyır”.
Elmi redaktor, Azərbaycan Dövlət Film Fondunun sədri Cəmil Quliyev də Aydın Kazımzadənin kino irsinin toplanması və qorunması istiqamətində misilsiz xidmətlərini vurğulayıb.
Nəşrin ilk iki cildi Azərbaycan kino tarixinin ensiklopedik təsvirinə həsr olunub. Sonrakı iki cilddə isə bədii, sənədli və animasiya filmlərinin siyahıları, eləcə də kinorejissorlar və digər yaradıcı şəxslərlə bağlı geniş məlumat bazası təqdim edilir.






