Noyabrın 6-da Bişkekdə baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci sammitində türk dünyasının gücləndirilməsinə yönəlmiş strateji prioritetlər müzakirə ediləcək.
“Daylinews-az.com”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev Bişkek sammitinin gündəliyini şərh edərək əsas diqqətin dörd sahəyə – iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və təhlükəsizliyə yönəldiləcəyini bildirib. Sammit çərçivəsində üzv ölkələr arasında rəqəmsal ticarəti asanlaşdıracaq və biznes fəaliyyətini rəqəmsal mühitdə daha effektiv hala gətirəcək Rəqəmsal İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması gözlənilir.
Ömürəliyev dayanıqlı inkişafın da sammitin əsas mövzularından biri olduğunu vurğulayıb. O qeyd edib ki, TDT “yaşıl maliyyə” və ekoloji idarəetməni dəstəkləmək məqsədilə Türk Yaşıl Maliyyə Şurasının yaradılmasını və Türk Yaşıl Baxışının qəbulunu planlaşdırır. Bu təşəbbüslər, bərpa olunan enerji və dayanıqlı şəhər inkişafı kimi sahələrdə ekoloji layihələrə sərmayə cəlb olunmasını təmin edəcək.
Baş katibin sözlərinə görə, “rəqəmsal transformasiya” sahəsində həyata keçirilməsi planlaşdırılan Böyük Türk Dili Modeli və Yer Müşahidə Texnologiyası Peyki kimi layihələr texnoloji inkişafa töhfə verəcək, ətraf mühitin monitorinqi və innovativ əlaqələri gücləndirəcək.
Təhlükəsizlik sahəsində də əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub. Üzv ölkələr arasında fövqəladə hallara və təbii fəlakətlərə daha effektiv cavab tədbirlərinin təmin olunması məqsədilə Mülki Müdafiə Mexanizmi haqqında sazişin imzalanması planlaşdırılır.
Ömürəliyev həmçinin vurğulayıb ki, TDT ölkələri nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. Orta Dəhliz layihəsinin inkişafı ilə türk regionunun Asiya və Avropa arasında vacib ticarət yolu halına gətirilməsi məqsəd qoyulub. Qarşıdan gələn sammitdə bu istiqamətdə yeni layihələrin də təqdim ediləcəyi bildirilir.
Baş katib, regionda xidmətlər və investisiyaların azad ticarətinə dair saziş üzərində iş aparıldığını, həmçinin TDT ölkələrinin pul siyasətini uyğunlaşdırmaq və maliyyə sabitliyini gücləndirmək üçün Mərkəzi Milli Bankları Şurasının yaradılmasının planlaşdırıldığını qeyd edib. O bildirib ki, bu strateji layihələr regionun qlobal ticarət yollarının önəmli bir halqasına çevrilməsinə xidmət edəcək.