COP29 konfransı ilə əlaqədar Bakı şəhərinin mərkəzi və tədbir məkanları istiqamətində nəqliyyat hərəkətində nəzərdə tutulmuş dəyişikliklərə uyğun olaraq, “Bakı metropoliteni” QSC stansiyaları xüsusi hazırlıq mərhələsini başa vurub. Bu hazırlıq işləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilib.
QSC-dən Daylinews-az.com-ə bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionu yaxınlığında yerləşən “Koroğlu” stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejimi yenidən tənzimlənib və Bakı metrosunda bu tədbirlərə uyğun müvafiq hazırlıqlar görülüb.
“Ulduz” stansiyasında aparılan dəyişikliklər:
- Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi “Ulduz” stansiyasında sərnişin axınının daha rahat təşkil olunması üçün 2 əlavə “BakıKart” terminalı quraşdırılıb.
- Girişin daha intensiv və səmərəli təşkili üçün avtomat buraxılış-nəzarət məntəqəsinə 4 əlavə turniket əlavə edilib.
- Stansiyanın texniki imkanları nəzərə alınaraq, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən xüsusi zona yaradılıb və nəzarətçi köşkü yenilənib.
- Stansiyanın digər keçid istiqamətində sərnişin axınının daha effektiv tənzimlənməsi üçün nəzarətçi köşkü də yenidən qurulub.
Bakı metrosunun digər stansiyalarında görülən tədbirlər:
- COP29 konfransına hazırlıq çərçivəsində “Xətai”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri gücləndirilib.
- Şəhər mərkəzinə yönəldilən avtobus marşrutlarının istiqamətlərini sərnişinlərin rahatlıqla müəyyən edə bilmələri üçün bütün stansiyalarda müvafiq nişanlama işləri aparılıb və məlumat lövhələri yerləşdirilib.
Əlavə tədbirlər və nəzarət mexanizmləri:
- Ümumilikdə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla yanaşı, sərnişinlərin axınının effektiv idarə olunması üçün əlavə növbətçilik cədvəlləri tərtib edilib.
- Metro stansiyalarının infrastrukturu və mühəndis-texniki qurğular üzərində əlavə nəzarət mexanizmləri tətbiq olunacaq, bu prosesə bütün stansiyaların rəhbər və mütəxəssisləri cəlb edilib.
- Tənzimləmə tədbirləri çərçivəsində metro daxilində sərnişin məmnuniyyəti və rahatlığı ön planda saxlanılacaq, COP29-un gedişində əlavə tədbirlərin görülməsi davamlı diqqət mərkəzində olacaq.