Artıq illər əsrlər boyu mistik hesab edilib və müxtəlif inanclarla əlaqələndirilib. Bəs 2025-ci il artıq il olacaqmı? Gəlin, bu suala cavab tapaq və artıq illərin necə hesablandığını öyrənək.
Artıq ilin mənası nədir?
Artıq ilin əsas məqsədi təqvimdəki dəqiqlik problemini həll etməkdir. Astronomik il dəqiq 365 gün deyil, 365 gün, 5 saat və 49 dəqiqədir. Əgər təqvimdə artıq gün əlavə edilməsəydi, mövsümlər zamanla yerini dəyişərdi.
İlk dəfə bu problemi həll etmək üçün addımı Roma imperatoru Yuli Sezar atıb. O, “yuli təqvimi”ndə hər 4 ildən bir xüsusi artıq il təyin edib. İlk belə il eramızdan əvvəl 45-ci ilə təsadüf edib. Həmin vaxt artıq gün fevralın sonunda deyil, martın başlanğıcına 6 gün qalmış əlavə olunurdu.
Lakin bu sistem də mükəmməl deyildi. Təxminən hər 128 ildə təqvim ilə astronomik vaxt arasında 24 saat fərq yaranırdı. Bu problem XVI əsrdə müəyyən edildi və 1582-ci ildə papa Qriqori XIII “qriqori təqvimi”ni təsis edərək yeni bir qayda tətbiq etdi.
Artıq il necə müəyyən edilir?
Qriqori təqviminə əsasən, ilin artıq il olub-olmadığını anlamaq üçün sadə qaydalara əməl etmək lazımdır:
- İlin sayı 400-ə tam bölünürsə, artıq ildir (məsələn, 2000, 2400).
- İlin sayı 4-ə tam bölünür, lakin 100-ə tam bölünmürsə, artıq ildir (məsələn, 2024, 2028).
Bu qaydalara əsasən, 2025-ci il artıq il olmayacaq.
Artıq illər haqqında inanclar və ənənələr
Artıq illər bəzi insanlar tərəfindən mistik və təhlükəli hesab edilir. Bu illərdə yeni işlərə başlamağın, köçməyin və ya böyük dəyişikliklər etməyin yaxşı olmadığına inanılır. Ən çox qarşılaşılan inanclara görə, artıq illərdə bunlardan çəkinmək lazımdır:
- Evlənmək;
- İş yerini dəyişmək;
- Uzaq səfərlərə çıxmaq;
- Tikinti və ya əsaslı təmirə başlamaq.
Lakin artıq illəri sadəcə təqvimdə əlavə bir gün kimi qəbul edərək, arzularınıza doğru inamla addımlaya bilərsiniz.
Unutmayın, inanclar və mistik fikirlər elmi deyil. Həyatınızın necə olacağını müəyyən etmək üçün qərarları siz verirsiniz!