Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən zərgərlik mağazasına silahlı basqın edən şəxsə hökm oxundu.
Daylinews-az-ın məlumatına görə, 10 aprel 2024-cü il tarixində Bakı sakini S. Fərhad (1990-ci il təvəllüdlü) mağazaya müştəri kimi daxil olub. O, 3-4 saat ərzində vitrindəki qızıl zinət əşyalarının şəkillərini çəkərək güya qohumlarına göndərirdi.
Sonuncu dəfə mağazaya daxil olan Fərhad, 2 qızıl zəncir, 2 qızıl qolbaq, 1 qızıl üzük, 4 cüt qızıl sırğa və 10 ədəd gümüş örtüklü, brilyant qaşlı deformasiyaya uğramış üzük götürərək qaçıb.
Taksi sürücüsünə hücum etdi, lakin zərərsizləşdirildi
Soyğunçu yaxınlıqda dayanan taksiyə minərək, sürücünü bıçaq və çəkiclə hədələyib və dərhal yola düşməsini tələb edib. Lakin sürücü təmkinini qoruyaraq Fərhadı silahsızlaşdırmağa nail olub və onun əlindən bıçaqla çəkici alıb. Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı saxlayıblar.
8 il 6 ay həbs cəzası aldı
Məhkəmənin qərarına əsasən, S. Fərhad Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi (silah və ya silah kimi istifadə olunan əşyalarla törədilmiş quldurluq) ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.





