Ukrayna Prezidenti Volodimir Zelenski 12 fevral tarixində Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) qəbul etdiyi qərarı təsdiqləyərək bir sıra tanınmış iş adamlarına və siyasətçilərə sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına daxil edilənlər:
- İqor Kolomoyski – Ukraynalı biznesmen, oliqarx
- Konstantin Jevaqo – milyarder
- Gennadi Boqolyubov – keçmiş “Privatbank” səhmdarı
- Petro Poroşenko – Ukraynanın 5-ci prezidenti, “Avropa Həmrəyliyi” partiyasının deputatı
- Viktor Medvedçuk – keçmiş deputat, dövlətə xəyanətdə ittiham olunur
Daylinews-Az xəbər verir ki, SNBO-nun qərarına əsasən, sanksiyaların icrasına nəzarət Şuranın katibinə həvalə edilib. Qanun rəsmi nəşr edildiyi gündən qüvvəyə minir.
Poroşenko sanksiyalar barədə nə dedi?
Poroşenko SNBO-nun özünə qarşı sanksiyalar tətbiq etdiyini təsdiqləyib və bunu sərt tənqid edib. O, Zelenskinin bu addımını siyasi təqib adlandırıb.
Zelenski isə SNBO iclasının yekununda verdiyi açıqlamada “Ukraynanı sataraq milyardlar qazanan hər kəs cavab verəcək” deyərək, Rusiyaya kömək edənlərin cəzalandırılacağını bildirib.
Poroşenko niyə sanksiya siyahısına düşdü?
2021-ci ilin dekabrında Ukrayna hüquq-mühafizə orqanları Poroşenkonu dövlətə xəyanət və Rusiya tərəfindən yaradılmış “LXR” və “DXR” separatçı qruplarına dəstək verməkdə ittiham etmişdi. Onun işğal olunmuş ərazilərdən kömür tədarükünü təşkil edərək separatçılara kömək etdiyi iddia olunur.





