Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edib.
AZƏRTAC-ın məlumatına görə, Antoni Blinken Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün vacibliyini qeyd edib və bu məqsədə çatmaq üçün ABŞ-ın səylərini davam etdirəcəyini bildirib. O, iki ölkə arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilən irəliləyişlərə toxunaraq, avqustun 30-da sərhəd delimitasiya komissiyalarının Əsasnaməsinin imzalanmasını müsbət bir addım kimi dəyərləndirib.
Azərbaycanın bölgədə sülhün bərqərar olması üçün gördüyü işləri vurğulayan Prezident İlham Əliyev, yeni reallıqların və status-kvonun Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan səyləri nəticəsində formalaşdığını qeyd edib. O, sülh müqaviləsinin təşəbbüskarı kimi Azərbaycanın bu müqavilənin imzalanması üçün Ermənistanın Konstitusiyası və digər qanunlarına əsaslanan ərazi iddialarından vaz keçməsinin, habelə keçmişdə mövcud olmuş ATƏT-in Minsk qrupu kimi təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini qeyd edib. İlham Əliyev həmçinin sərhədlərin delimitasiyası prosesində əldə edilən nailiyyətləri vurğulayıb və bu prosesin imzalanan Əsasnamə əsasında davam edəcəyini bildirib.
Telefon danışığı zamanı həmçinin COP29-un Azərbaycanda keçirilməsi müzakirə edilib. Antoni Blinken, ABŞ-ın COP29-un müvəffəqiyyətlə keçirilməsi üçün Azərbaycana dəstək verdiyini və iki ölkə arasında yaxın əməkdaşlığın davam etdiyini qeyd edib.
Prezident İlham Əliyev bu əməkdaşlığı yüksək qiymətləndirərək, iqlim maliyyələşdirilməsi ilə bağlı COP çərçivəsində inkişaf etmiş dövlətlər arasında konsensus əldə olunacağına ümidvar olduğunu bildirib.
Söhbət zamanı həmçinin Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparılıb.