Gənc kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Almaniyanın paytaxtı Berlində keçirilən Avropa Kuboku ilə bağlı təəssüratlarını bölüşüb.
“Daylinews-az.com”a açıqlama verən mütəxəssis bildirib ki, bu, yığmanın sayca üçüncü Avropa Kuboku olub və bu yarışlar həm reytinq baxımından, həm də gələcək mötəbər turnirlər üçün əhəmiyyət daşıyır:
“Bu yarışlar Avropa və dünya çempionatlarına vəsiqə qazandırır. İdmançılarımız burada reytinq xalları toplayırlar. Bu isə bizə püşkatmada üstünlük verir. İlk səkkizlikdə olanlar ilkin mərhələlərdə bir-biriləri ilə qarşılaşmırlar. Biz də çalışırıq ki, cüdoçularımızın reytinq xalları maksimum olsun”.
Alimli bildirib ki, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığma 34 ölkə arasında kişilər arasında medal əyarına görə birinci olub. Buna baxmayaraq, o, nəticəni maksimum hesab etmir:
“Bundan daha yaxşı çıxış edə bilərdik. İlk gündə cüdoçularımız üç finalda məğlub oldu. Bu, bizim üçün böyük problem deyil. Əsas hədəfimiz Avropa və dünya çempionatlarıdır. Həmin turnirlərdə tam formada olmalıyıq və bu istiqamətdə işlərimizi davam etdiririk. Ən müsbət məqam odur ki, komandada hər çəki dərəcəsində güclü rəqabət var. Hər çəkidə 3-4 idmançı əsas yarışlara vəsiqə qazanmaq uğrunda mübarizə aparır”.
Baş məşqçi həmçinin yığmanın heyətinin formalaşması ilə bağlı da məlumat verib:
“Hazırda heyətin yarısını müəyyənləşdirmişik. Qalan idmançılar arasında isə seçim prosesi davam edir. Əsas məqsədimiz ən güclüləri seçərək Avropa və dünya çempionatlarına aparmaqdır”.
Rüstəm Alimli əlavə edib ki, yığmanın növbəti sınağı 5–6 iyul tarixlərində Çexiyanın paytaxtı Praqada baş tutacaq Avropa Kubokunda olacaq. Bu yarışda əsas heyətdən 5 cüdoçunun iştirak edəcəyi planlaşdırılır.






